İcra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləmə müəyyənləşir.
FED.az xəbər verir ki, bu, Milli Məclisin iyulun 4-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “İcra haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Beləliklə, icra sənədində satılmalı əmlak müəyyən edildiyi hallarda bildiriş borcluya rəsmi qaydada verildikdən, o cümlədən "Elektron icra" informasiya sistemi vasitəsilə onun (borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin) adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS-lə göndərildikdən sonra 7 iş günü ərzində o, əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət edə bilər. Belə müraciət edildikdə icra məmuru 1 iş günü müddətində qərar qəbul edir və borcluya əmlakın satılması üçün 2 ay müddət verilir. Borclu bu müddətdə əmlakı icra sənədində və ya qiymətləndiricinin hesabatında göstərilən dəyərinin yalnız 80 faizindən az olmayan qiymətə sata bilər.
Notarius vasitəsi ilə rəsmiləşdirilən əmlakın alqı-satqı əməliyyatlarının aparılması üçün icra məmurunun sözügedən qərarı "Elektron icra" informasiya sistemindən "Elektron notariat" informasiya sisteminə göndərilir və əmlak satıldıqda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına göndərir.
Notarius vasitəsi ilə rəsmiləşdirilməyən alqı-satqı əməliyyatları üzrə ödənişlər bilavasitə icra xidmətinin depozit hesabına köçürülür. Əmlak bu müddətdə açıq bazarda satılmadığı halda elektron hərraca çıxarılır.
Borclunun üzərinə həbs qoyulmuş əmlakı və ya ipoteka predmeti isə əvvəlcə qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif edilir. Bu halda tələbkara öz iradə ifadəsinin bildirilməsi üçün təklifi aldıqdan sonra 7 iş günü müddət verilir və tələbkar əmlakı qəbul etdikdə bu hal protokolla rəsmiləşdilir. Həmin protokol imzalandıqdan sonra dərhal "Elektron icra" informasiya sistemi vasitəsilə "Elektron notariat" informasiya sisteminə göndərilir. Tələbkar daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarını protokolun "Elektron notariat" informasiya sisteminə göndərildiyi gündən 5 iş günü müddətində rəsmiləşdirə bilər. Həmin əmlak üzərində hüquqların rəsmiləşdirilməsi qeyd olunan protokol əsasında "Notariat haqqında" qanunun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın tələbkara verilməsi icra məmurunun qərarı ilə rəsmiləşdirilir.
Borclu üzərinə həbs qoyulmuş əmlakını tələbkar tərəfindən qəbul edilmədiyi, yaxud verilmiş müddətin ötürüldüyü hallarda şəxsən açıq bazarda satmaq üçün icra məmuruna müraciət edə bilər. Belə müraciət olduqda 1 iş günü ərzində icra məmuru bu barədə qərar qəbul edir və borcluya əmlakın qiymətləndiricinin hesabatında göstərilən dəyərinin 80%-dən az olmayan qiymətə satılması üçün 2 ay müddət verir. Üzərinə həbs qoyulmuş əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olduqda qəbul edilmiş qərar "Elektron icra" informasiya sistemindən "Elektron notariat" informasiya sisteminə göndərilir.
Qeyd edilən müddətdə və qaydada borclu tərəfindən satılmadıqda həmin əmlak elektron hərraca çıxarılır. Tələbkar tərəfindən qəbul edilməyən ipoteka predmeti, yaxud icra sənədinə əsasən satılmalı olan əmlak isə birbaşa elektron hərraca çıxarılır. Dəyəri 5000 manatdan az olan daşınar əmlak "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsi ilə də satıla bilər. Elektron hərracın keçirilməsi barədə sifariş "Elektron icra" informasiya sistemi vasitəsi ilə formalaşdırılır və hərrac müvafiq informasiya sistemi vasitəsi ilə avtomatlaşdırılmış qaydada açıq auksion formasında keçirilir.
Sifariş yerləşdirildiyi gündən 30 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud nəticələri ləğv olunduğu gündən 10 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir. Ttez xarab olan məhsullara münasibətdə layihədə qısaldılmış müddətlər müəyyən edilib.
İlk elektron hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın bazar qiymətinin ən azı 85 faizini (minimum satış qiyməti), təkrar elektron hərracda isə ən azı 65 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə elektron hərrac baş tutmuş hesab edilir. Elektron hərrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə malikdir. Protokol imzalandığı vaxtdan ən geci 7 iş günü müddətində elektron hərracın qalibi əmlakın satış qiymətini icra xidmətinin depozit hesabına köçürməlidir.
Hərracın qalibi əmlakın satış qiymətini və qanunla müəyyən olunmuş ödənişləri (vergilər istisna olmaqla) həmin müddətdə ödəmədikdə və ya protokolu imzalamaqdan imtina etdikdə növbəti yuxarı qiymət təklif etmiş şəxs elektron hərracın qalibi hesab olunur. Elektron hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçı 3 təqvim günü müddətində özünün təklif etdiyi qiymətə elektron hərrac predmeti olan əmlakı almağa razılığını bildirə və əmlakı elektron hərracın predmeti olan əmlakın elektron hərrac qalibi tərəfindən alınması üçün müəyyən edilmiş prosedura uyğun ala bilər.
İkinci ən yuxarı qiymət təklif etmiş şəxs əmlakı almaqdan imtina etdikdə, yaxud əmlakı almağa razılığını bildirdikdən 7 iş günü müddətində əmlakın satış qiymətini tam ödəmədikdə sıra ilə növbəti yuxarı qiymət təklif etmiş şəxslərə eyni qayda tətbiq olunur. Növbəti yuxarı qiyməti təklif etmiş digər iştirakçılar da əmlakı almaqdan imtina etdiyi, yaxud əmlakın satış qiymətini ödəmədiyi halda elektron hərracın nəticələri avtomatik olaraq ləğv olunur.
Elektron hərracın qalibinin daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə elektron hərracın nəticələri barədə protokol "Elektron icra" informasiya sistemindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq reyestrlərə ötürülür. Hərracda satılmış, yaxud tələbkar tərəfindən əldə edilmiş daşınmaz əmlakın təhvil verilməsi ilə bağlı alıcı (əldə edən) və borclu, yaxud maraqlarına toxunan digər şəxslər arasında mübahisə yarandıqda əmlak əlavə məhkəmə qərarı tələb olunmadan alıcının (əldə edənin) tələbi ilə icra məmuru tərəfindən boşaldılır və ona təhvil verilir.
Təkrar elektron hərracda satılmayan əmlak onun bazar qiymətinin 65%-i həcmində yenidən tələbkara təklif olunur. Tələbkar hərracda satılmayan əmlakı qəbul etməkdən imtina etdikdə və ya verilmiş müddət ötürüldükdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
Elektron hərracın keçirilməsi ilə bağlı xərclər hərracın qalibi tərəfindən, hərracda satılmayan əmlak tələbkar tərəfindən əldə edildikdə isə onun tərəfindən ödənilir. Hərracın baş tutmadığı digər hallarda hərrac xərcləri hərracda iştirak haqları hesabına kompensasiya edilir. Elektron hərracın keçirilməsi qaydası, elektron hərracda iştirak haqqı və elektron hərracın keçirilməsi ilə bağlı xərclərin məbləği Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Üzərinə həbs qoyulmuş dövlət əmlakı icra məmurunun sifarişi əsasında yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hərrac təşkilatı tərəfindən Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada satılır.
Layihədə həmçinin aşağıdakı məsələlər tənzimlənir:
icra məmurlarının icra ödənişinin alınması barədə qərarlarının müstəqil icra sənədi kimi müəyyən edilməsi və onların icrası qaydasının tənzimlənməsi;
borcludan tutulmuş pul məbləğinin tələbkarın tələbinin təmin olunması ilə yanaşı, həm də icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələrin ödənilməsi üçün istifadə edilməsi;
könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədi üzrə ödənilməli pul məbləğinin borclu tərəfindən qismən ödənilməsi halında icra ödənişinin borcun qalan hissəsindən, vaxtaşırı ödənişlər üzrə icra ödənişinin yığılmış borc məbləğindən hesablanmaqla tutulması;
- icra ödənişinin borcludan tam və ya hissə-hissə tutulması imkanı;
icraatın dayandırılması qaydasının təkmilləşdirilməsi, icraata xitam verilməsi ilə bağlı icra məmurunun və icra qurumunun rəhbərinin hərəkətləri üçün müddətlərin konkretləşdirilməsi.