Borcluların ölkədən getmək hüququ yeni qaydada müvəqqəti məhdudlaşdırılacaq.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “İcra haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
İcra sənədlərinin könüllü icra edilməməsi halında hüquqi məhdudiyyətlər
Qanuna əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
Elektron sistemlərin rolunun artırılması
Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal "Elektron məhkəmə informasiya sistemindən" "Elektron icra" informasiya sisteminə ötürülür.
Məlumatların idarələrarası sistemlərə ötürülməsi
"Elektron icra" informasiya sistemi vasitəsilə bu barədə dərhal "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürüləcək və həmin sistemdə borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq ediləcək.
Tərəflərin məlumatlandırılması
"Elektron icra" informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat veriləcək, o cümlədən borclunun adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndəriləcək.
Məhdudiyyətin aradan qaldırılması və bildiriş prosesi
Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, bu barədə məlumat dərhal "Elektron icra" informasiya sisteminə daxil ediləcək və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürüləcək.
Həmin sistemdə tətbiq edilmiş məhdudiyyət götürüləcək və bununla bağlı borclunun mobil telefon nömrəsinə SMS göndəriləcək.