Paytaxt sakini Ceyhun Təyyar oğlu Aslanov bir neçə il əvvəl Bakı Nəqliyyat Agentliyi (ləğv edilib) tərəfindən ona yazılmış cərimələrə görə avtomobilini texniki baxışdan keçirə bilmədiyini deyir.
FED.az xəbər verir ki. sürücü bildirib ki, iyulun 27-də özünə məxsus olan 90-DD-530 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobilini növbəti texniki baxışdan keçirmək istəyib.
Lakin DİN-in Baş DYP idarəsinin Xocasən qəsəbəsində yerləşən texniki baxış məntəqəsində BNA tərəfindən yazılmış cərimələr problem yaradıb: “BNA tərəfindən 2019-2021-ci illərdə mənə 6 protokolun yazılmasından, ümumiyyətlə, xəbərim olmayıb. Həmin protokollar nə mənim ASAN elektron kabinetimdə, nə də Daxili İşlər Nazirliyinin elektron sistemində yaradılmış elektron kabinetimdə var. Bundan əlavə, yaşadığım və qeydiyyatda olduğum ünvanıma da göndərilməyib.
Həm də çox maraqlıdır ki, protokollar mövcud olduğu halda necə ola bilər ki, 2019-2023-cü illər ərzində texniki baxışdan problemsiz keçmişik?! 18.02.2022-ci il tarixdə sürücülük vəsiqəmi “ASAN” Xidmət mərkəzində dövlət rüsumu ödənilməklə dəyişdirmişəm. Hamıya məlumdur ki, “Yol hərəkəti haqqında” Qanuna görə cərimə olduğu təqdirdə nə texniki baxışdan keçmək, nə də sürücülük vəsiqəsini dəyişdirmək mümkündür”.
Şikayətlə bağlı qısa araşdırma apararkən məlum oldu ki, Ceyhun Aslanov bu problemlə qarşılaşan ilk şəxs deyil. Belə ki, ləğv edilmiş və səlahiyyətləri müxtəlif qurumlar arasında bölünmüş BNA-nın tərtib etdiyi cərimələr sonradan DİN-in məlumat sisteminə inteqrasiya edilib və bu protokollar avtomobillərin texniki baxışdan keçirilməsi zamanı üzə çıxır.
Məsələ ilə əlaqədar Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumun rəsmisi polkovnik-leytenant Mübariz Ağayev “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirdi ki, vətəndaş qarşılaşdığı vəziyyəti hüquqi müstəvidə mübahisələndirə və məhkəməyə müraciət edə bilər: "Yol hərəkəti haqqında" Qanunun 30-cu maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermə hüququna malik olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi texniki baxışa təqdim edildikdə onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış, icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkətinin təhlükəsizliyin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılır və texniki baxışdan keçməsi barədə elektron talon tərtib edilir.
Bu müraciətdə qeyd edildiyi kimi ləğv edilmiş qurum tərəfindən vaxtilə qayda pozuntusuna dair inzibati cərimə tərtib edilibsə, o cərimələr də qanunvericiliyə əsasən çıxarılıb və sistemdə görünür. Həmin şəxs tərtib edilmiş protokollarla bağlı öhdəliklərini ödəməlidir və ya mübahisəli məsələ varsa, həmin sözügedən qurumun hüquqi varisinə və yaxud məhkəmə orqanına müraciət edərək məsələni həll etməlidir. Həmin cərimələrlə bağlı problem aradan qalxdıqdan sonra vətəndaş avtomobilini texniki baxışa təqdim edə bilər" (Qafqazinfo).