Baş Prokurorluğun məlumatı:
Eyni mənzil bir neçə nəfərə satılır - Qarşısı necə alınacaq?
Təcrübədə eyni mənzilin bir neçə şəxsə satılması, tikinti layihələrinin tamamlanmaması kimi neqativ hallardan yayınmaq üçün nadir hallarda istifadə olunan, lakin effektiv olan bir vasitə icrası qanunvericiliklə məcburi xarakter daşımayan “təminat qeydi” prosedurudur.
Belə ki, Mülki Məcəllənin 144-1-ci maddəsində tikintisi başa çatmayan, yəni qanuna uyğun olaraq tikintisinə icazə alınmış, lakin istismarına icazə verilməmiş binalarda olan daşınmaz əmlaka hüquqlarınızın dövlət qeydiyyatına alınmasının təminatı kimi “təminat qeydi” mexanizmi nəzərdə tutulmuşdur. Təminat qeydi gələcəkdə bina istismara verildikdə çıxarış sənədi alınmasına və qeyd adına aparılmış şəxsin üstün mülkiyyət hüququnun mübahisələndirilməməsinə xidmət edir.
Təminat qeydinin aparılması üçün aşağıda qeyd edilən məsələlərə diqqət yetirilməlidir:
- tikintisi başa çatmayan binalarda mənzil alışı ilə bağlı münasibətlər podrat müqaviləsinə uyğun tənzimlənir.
- notarial qaydada təsdiq olunan belə müqavilədən əlavə olaraq şirkət yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən və dövlət reyestrində qeydə alınmalı olan “bölünmə planı”-a sahib olmalıdır;
- Bölünmə planında nəzərdə tutulmuş payların hər birinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır.
- Növbəti mərhələdə notarial müqavilə və bölünmə planı notariusun təminat qeydinin aparılması üçün əsas olur. Notarius təminat qeydini 3 gün ərzində aparır.