Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin Palatası Rusiya prezidenti Vladimir Putinin həbsi barədə order verib.
FED.az xəbər verir ki, bu barədə məhkəmənin açıqlamasında deyilir. Putinlə yanaşı, məhkəmə Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə də order verib.
«Bu gün, 17 mart 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin II Məhkəməyə qədərki Palatası Ukraynadakı vəziyyət kontekstində iki nəfərin: Vladimir Vladimiroviç Putin və Mariya Alekseevna Lvova-Belovanın həbsi üçün order verib», - deyə məhkəmə elan edib.
Məhkəmənin bəyanatına görə, onlar "Ukraynanın işğal olunmuş ərazilərindən əhalinin (uşaqların) Rusiya Federasiyasına qanunsuz deportasiyasından ibarət olan hərbi cinayətə görə məsuliyyət daşıyırlar".
Rusiya tərəfi bu açıqlamaya gözlənilən reaksiyanı verib.
Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, bu məhkəmənin qərarları Rusiya üçün əhəmiyyət kəsb etmir, çünki Rusiya Roma Nizamnaməsi (təsis sənədi) tərəfi deyil və ona görə öhdəlik daşımır.
Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının Rusiya üçün, o cümlədən hüquqi baxımdan heç bir mənası yoxdur. “Rusiya bu qurumla əməkdaşlıq etmir və Beynəlxalq Ədalət Məhkəməsindən gələn mümkün həbs “reseptləri” bizim üçün qanuni olaraq etibarsız olacaq”, o deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov BCM-nin qərarını şərh edərkən deyib ki, ümumiyyətlə bu məsələnin qaldırılmasının özünü Kremldə “qeyri-qanuni və qəbuledilməz” hesab edirlər.
“Rusiya, bir sıra dövlətlər kimi, bu məhkəmənin yurisdiksiyasını tanımır və müvafiq olaraq, bu qəbildən olan hər hansı qərar Rusiya Federasiyası üçün hüquq baxımından etibarsızdır”, - deyə o bildirib. Onun audio şərhi “Rossiya 24” telekanalının jurnalisti Pavel Zarubinin teleqram kanalında yer alıb.
Rusiya İstintaq Komitəsinin rəhbəri isə bildirib ki, Putinin həbsinə konkret hansı hakimlərin qərar verdiyini dəqiqləşdirəcəklər. Bəzi təkliflərə görə bu hakimlərin özü həbs edilməlidir.