İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Eləcə də bax: Baş mühasib sabiq icra başçısına verdiyi pulların məbləğini - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
İlk olaraq İmişlinin Qızılkənd kəndinin sabiq icra nümayəndəsi Daxil Abdullayev dindirilib. Şahid icra nümayəndəsi vəzifəsinə təyin olunmaq üçün icra başçısına rüşvət vermədiyini desə də, İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdirinə pul verdiyini təsdiqləyib.
Şahidin istintaqdakı ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyyət olduğuna görə əvvəlki ifadəsi elan edilib. Həmin ifadəsində o bildirib ki, icra nümayəndəsi təyin olunmaq üçün 5000, sonradan əmək müqaviləsini uzatmaq üçün də 2000 manat pul verib.
Daxil Abdullayev bu məsələ ilə əlaqədar sualı cavablandırarkən bildirib ki, həmin vəsaiti İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyevə verib: “Demişdi ki, bayraq muzeyi tikilir, yardım etmək lazımdır, mən də verdim”.
2020-ci ildən işsiz olduğunu deyən Daxil Abdullayev Vilyam Hacıyev haqqında müsbət fikirlər də səsləndirib. Onun Qızılkənd kəndində məktəb tikilməsində, kəndə qaz çəkilməsi, yol salınmasında xidmətləri olduğunu vurğulayıb: “Mənim 68 yaşım var, yalan danışmaq istəmirəm...”
Vilyam Hacıyev isə bildirib ki, kəndin 4000 nəfərə yaxın sakini onun əfv olunması üçün dövlət başçısına müraciət edib.
Digər şahid - icra nümayəndəsi vəzifəsində çalışmış Adil Kərimov bağça müdiri təyinatı üçün rüşvət verilməsi epizodu üzrə dindirilib: “Bağça müdiri təqaüdə getmişdi. Mən nümayəndə olaraq, humanitar şöbəyə məlumat verdim ki, bağça rəhbərsiz qalıb. Ali təhsilli xanım vardı, onun namizədliyini müdafiə elədik. Humanitar şöbədə müəyyən məbləğ istənildi. Xanımın qayınatası 3000 manat gətirdi, humanitar məsələlər üzrə başçının müavini Təranə xanıma təhvil verildi".
Prokurorun "O pul son nəticədə kimə çatıb" - sualına cavab olaraq şahid bu haqda məlumatı olmadığını deyib.
Prosesdə son olaraq “Betonzavod”un rəisi Zakir Əliyev ifadə verib. O, İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi zamanı beton vermək üçün İH-nin baş mühasibinə pul verdiyini deyib: "Xahiş elədim ki, binanın tikintisi üçün betonu mən verim. Cəmil də razılaşdı. Buna görə ona 2, ya 3 min manat pul verdim”.
Proses martın 10-da davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub. (Apa)