Baş Prokurorluğun Mətbuat Xidmətindən FED.az-a verilən məlumata görə, dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icra edilməsi məqsədi ilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun davranış qaydaları və etik normalarına riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Eləcə də bax: "Bank Standard"ın müştərisinin əmlakına - HƏBS QOYULDU
Bildirilib ki, Quba şəhər bələdiyəsinin sədri vəzifəsini icra etmiş Dəstəbəy Tərlanovun qanunsuz əməlləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində D.Tərlanovun xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxmaqla Quba bələdiyyəsinə məxsus 2.5 sot torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsi kimi rəsmiləşdirməklə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmasını təmin etmək üçün rayon sakininin 1750 manat pulunu rüşvət kimi tələb edərək almasına, bundan başqa vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun tələblərini qəsdən pozaraq tanışlıq münasibətləri olan ayrı-ayrı şəxslərə hərrac və müsabiqə keçirilmədən qanunsuz olaraq bələdiyyəyə məxsus 3090 manat dəyərində 0,06 ha torpaq sahəsini sataraq bələdiyyənin mülkiyyətindən çıxarmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
D.Tərlanov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.