Baş Prokurorluq “Jalal-İ” tədris mərkəzi ilə bağlı açıqlama yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən FED.az-a bildiriblər ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cəlal Məhərrəmovun vətəndaşların əmək hüquqlarını kobud şəkildə pozan qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətə baxılıb.
Araşdırmalarla Cəlal Məhərrəmovun 2018- 2020-ci illər ərzində fəaliyyətini təşkil etdiyi “Jalal-İ” tədris mərkəzinin baş ofisində və filialların inzibati binalarında ona müxtəlif ixtisas sahələri və peşə istiqamətləri üzrə kursları şagird, abituriyent və sair şəxslərə tədris etmək üçün işə qəbul olunmaq məqsədilə müraciət edən 34 nəfəri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin tədris kurslarında faktiki olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsinə, həmin şəxslərin əmək hüquqlarına və qanuni mənafelərinə, habelə sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, fərdi və ictimai rifahın əsası kimi əmək münasibətlərinin qorunması sahəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Toplanmış material əsasında aprelin 21-də Baş İdarədə Cinayət Məcəlləsinin 162-1.1 (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanaraq Cəlal Məhərrəmova həmin maddələrlə ittiham elan olunub.
Cinayət işi üzrə ibtidai istintaq iyulun 30-da tamamlanıb və ittiham aktı təsdiq edilməklə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli Çağrı Mərkəzinə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.