Azərbaycan Respublikasında dövlət strukturlarının əhalinin sağlamlığının qorunması və aidiyyəti sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırmalar aparılmaqla qanunamüvafiq tədbirlər həyata keçirilir.
Eləcə də bax: Baş Prokurorluq 6,5 milyonluq korrupsiya faktı ilə bağlı - MƏLUMAT YAYDI
Baş Prokurorluğun mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək vətəndaşın pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd olunan qanunazidd hallarla üzləşən zərərçəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə zəng etmələri xahiş olunur.