Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatının qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluqdan FED.az-a verilən məlumata görə, 2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rəfael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Belə ki, istintaqla Rəfael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olduğu dövrdə bir neçə dəfə ayrı-ayrı şəxslərə Abşeron rayonu, Mehdiabad qəsəbəsində inşa edilən “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksində özünün həyata keçirdiyi tikintiyə şərik olaraq kifayət qədər gəlir əldə edəcəkləri, eləcə də torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi barədə yalan vədlər verərək onların ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rəfael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.