Baş Prokurorluq Milli Məclisin sabiq deputatı, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları qanunsuz kəsdirməsi faktı üzər aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb.
Eləcə də bax: "Ştutqart"ın sahibinin ağac kəsdirməsi ilə bağlı materiallar prokurorluğa - GÖNDƏRİLDİ
Qurumun Mətbuat Xidmətindən FED.az-a bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma başlanılıb.
Bununla əlaqədar prokurorluq əməkdaşları tərəfindən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə qeyd edilən əraziyə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb və xüsusi texnika vasitəsilə torpaq qatı qazılaraq müvafiq nümunələr götürülməklə hazırda da qazıntı işləri davam etdirilir.
Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən torpaq sahəsində mövcud olmuş sərv və şam cinsli ağaclar qanunsuz olaraq kəsilərək götürülüb.
"Hazırda Baş Prokurorluqda araşdırmalar davam edir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - qurumun Mətbuat Xidmətindən bildirilib.
Xatırladaq ki, Nəriman Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Bir neçə gün əvvəl mətbuatda onun Bakıda 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşlara isə maaş verməməsi ilə bağlı məlumatlar yayılıb.