"Prokurorluq orqanlarında baş verən yeniliklər və dəyişikliklər, fəaliyyətin təkmilləşməsi üzrə görülən tədbirlər ölkədə aparılan kardinal islahatların tərkib hissəsidir. Cinayətkarlığın yeni və daha mürəkkəb formalarının meydana çıxmasına gətirən qloballaşma, cəmiyyətlərin sıx inteqrasiyası və informasiya texnologiyalarının sürətli inkişafı prosesləri hüquq mühafizə orqanları üçün də yeni çağırışlar formalaşdırır. Məhkəmə-hüquq sisteminin yenilənməsi çərçivəsində prokurorluq orqanlarında da islahatların həyata keçirilməsi zərurəti ortaya çıxıb".
Eləcə də bax: Prokurorluq orqanlarında yeni təyinatlar olub - SİYAHI
FED.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev, "Azərbaycan" qəzetində yazdığı məqalədə bildirib.
Baş prokuror bildirib ki, prezident İlham Əliyev prokurorluq orqanları qarşısında yeni tapşırıqlar qoyub:
«Hüquq-mühafizə orqanlarında, o cümlədən prokurorluqda genişmiqyaslı islahatların aparılması məqsədilə yüksəkixtisaslı kadr korpusunun formalaşması mühüm şərt kimi qeyd olunub. Yüksək keyfiyyətli təhsil almış, gənc, peşəkar, bilikli, müasir yanaşmalara malik kadrların önə çəkilməsi, kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməsi, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilərin yüksək nəzəri biliklərə malik olması, eyni zamanda dövlətçiliyə sədaqət prinsiplərini üstün tutması, həmçinin təcrübəli kadrların da öz biliklərini gənc nəsillə bölüşməsi diqqət yetirilməli olmalı məqamlar kimi vurğulanıb».
Kamran Əliyev bildirib ki, korrupsiyaya qarşı mübarizə üçün zəruri islahatlar davam etdirilməlidir. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə prokurorluğun fəallığı artmalı və prinsipiallıq nümayiş etdirilməlidir: «Burada həm inzibati yollardan, həm institusional dəyişikliklərdən, həmçinin cəza tədbirlərindən istifadə olunmasına diqqət yetirilməklə tədbirlərin kompleks xarakter daşıması göz önündə tutulmalıdır».
K.Əliyev bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq 12 may 2020-ci il tarixdə Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiq olunaraq icrasına başlanılıb:
«Prokurorluq orqanlarında işin səmərəliliyinin artırılması üzrə ciddi islahatların həyata keçirilməsinə başlanılıb, qısa zaman ərzində struktur və bir sıra kadr islahatları həyata keçirilib. Hazırda bu proses intensiv olaraq uğurla davam etdirilir».
Baş prokuror bildirib ki, dövlət sektoru ilə yanaşı, özəl sektortda da korrupsiyaya qarşı mübarizə güclənəcək:
«Prosessual fəaliyyətə prokuror nəzarəti gücləndirilməli, ibtidai istintaqın keyfiyyəti yüksəldilməli, dövlətin təhlükəsizliyi, eləcə də vətəndaşların hüquq və azadlıqlarına qəsd edən cinayətlərə qarşı mübarizənin kəsəri artırılmalı, dövlət və özəl sektorlarda korrupsiyanın bütün təzahür formalarına qarşı ciddi mübarizə tədbirləri tətbiq edilməli, məhkəmələrdə dövlət ittihamının müdafiəsi işi keyfiyyətcə yeni mərhələyə qaldırılmaqla balanslaşdırılmış cəza siyasətinə riayət edilməsinə nail olunmalı, bu istiqamətdə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir».
Kamran Əliyev bildirib ki, prokurorluq orqanları vergi və gömrük sçiyasətinə də dəstək verəcək və kölgə iqtisadiyyatına qarşı mübarizəni gücləndirəcək: «Əsas vəzifələrdən biri də vergi və gömrük siyasətinin optimallaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması, ümumilikdə isə kölgə iqtisadiyyatına qarşı təsirli mübarizənin aparılması kimi mühüm strateji tədbirlərdə hüquqi vasitələrlə yaxından iştirak, hüququn aliliyi təmin edilməklə özəl sektorun inkişafına dəstək göstərilməsi, həmçinin dövlət idarəetməsində şəffaflığın təmin edilməsidir».
Bunun üçün qabaqcıl beynəlxalq təcrübənin və beynəlxalq standartların öyrənilməsi və cari fəaliyyətdə tətbiqi nəzərdə tutulur.