1 nömrəli uşaq Somatik sanatoriyasının vəzifəli şəxslərinin əməkhaqqı kartları ilə bağlı maxinasiyaları ifşa edilib.
Eləcə də bax: 6 xəstəxana ilə bağlı - Araşdırma Başladı
FED.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 1 nömrəli uşaq Somatik sanatoriyasının baş həkimi Dilay İslamova və həmin müəssisənin baş mühasibi Burhan Cəfərovun qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq hazırda istintaqı aparılır.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Dilay İslamova və Burhan Cəfərovun sanatoriyada işçi kimi rəsmiləşdirilən, lakin faktiki olaraq işə gəlməyən ayrı-ayrı tibb işçilərinin əməkhaqqı kartlarını özlərində saxlamaqla həmin kart hesablarında olan ümumilikdə 32 min 700 manat məbləğində pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı qeyd edilən vəzifəli şəxslər tərəfindən vurulmuş maddi ziyanın tam həcmdə dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.