Şirvan Rayon Mərkəzi Xəstəxanasının direktoru İlham Mustafayevlə bağlanan əmək müqaviləsinin müddəti bitib, onunla yeni müqavilə bağlanmayıb.
Eləcə də bax: Baş həkim 36 nəfəri "işə götürüb" pulunu mənimsəyirmiş - PROKURORLUQDAN AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.
Bildirilib ki, hələlik tibb müsəssisəsinin direktoru vəzifəsinə təyinat yoxdur.
Qeyd edək ki, Şirvan şəhər prokurorluğu Şirvan Şəhər Mərkəzi Xəstəxanasında araşdırma aparıb. Prokurorluğun bu il avqustun 6-da yaydığı məlumata görə, xəstəxananın direktoru İlham Mustafayevin 24.04.2021-ci il tarixdən hazırkı vaxtadək vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti nəqliyyat vasitəsi kimi sənədləşdirilmiş “VAZ21063” markalı avtomaşının faktiki işləmədiyi halda Aqşin Əhmədov adlı şəxsin adına rəsmiləşdirməklə iş funksiyasını icra etmədiyi halda ona 1054 manat məbləğində əmək haqqının ödənilməsini, həmçinin “Elxan Fərəcov” MMC-dən 4 min 980 manat dəyərində texniki avadanlığın alınmasının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən həmin məbləğdə pul vəsaitinin köçürülməsini təmin etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.