“Premium Bank”dan külli miqdarda mənimsəmə etməkdə təqsirləndirilən sabiq filial müdiri Nəzakət Məmmədxanova və həmin filialın baş xəzinadarı Samirə Əliyevanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə “Premium Bank” ASC-dən vəsatət daxil olduğu elan olunub.
Ərizədə bildirilib ki, Samirə Əliyeva banka dəyən maddi ziyanı ödəyib və onunla barışıq əldə olunub. Buna görə də, onunla bağlı verilmiş mülki iddia geri götürülüb.
Daha sonra dövlət ittihamçısı çıxış edərək Nəzakət Məmmədxanovanın 9 il, Samirə Əliyevanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkilləi çıxış üçün vaxt istəyib.
Proses aprelin 4-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, “Premium Bank” ASC-də filial müdiri işləyən Məmmədxanova Nəzakət Şərəf qızı ötən ilin may ayının 8-dən 23-ü tarixinə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib. İttihama görə, ona bu işdə həmin filialın baş xəzinədarı işləyən Əliyeva Samirə Novruz qızı kömək edib. O, 32 mədaxil qəbzi əsasında 461 min 170 manat pulu bankda olan Nəzakət Məmmədxanovaya məxsus hesab nömrəsindən “M10” proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kritovalyuta alqı-satqısının həyata keçirildiyi “Binance.com” internet saytında onun hesabına yerləşdirib.
Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işində “Premium Bank” zərərçəkmiş qismində tanınır. (Apa)