Haqsız rəqabətə yol verməklə rəqabət qanunvericiliyinin tələblərini pozduğuna görə bir sıra təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.
İşə baxılmanın yekununda “Baku Electronics” MMC tərəfindən “YOSHIRO” markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə edildiyi, məhsulların faktiki istehsal ölkələrinin Çin və Özbəkistan olmasına baxmayaraq, məhsulların reklamı zamanı, eləcə də qablaşdırmasında “Yapon ənənəsi”, “Yapon keyfiyyəti” kimi ifadələrdən istifadə edilməklə onların Yaponiyada istehsal olunduğu təəssüratının yaradıldığı, həmçinin məhsullar barədə həqiqətə uyğun olmayan üstünlüklərin təqdim olunması ilə haqsız reklamdan istifadə edildiyi və bununla da, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 23.1.1-ci, 23.1.4-cü və 25.1.1-ci maddələrinin tələblərinin pozulması müşahidə olunub.
Yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib. Hazırda iş üzrə baxılma prosesi davam edir və nəticələrlə bağlı əlavə məlumat veriləcək.










