Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Eləcə də bax: Şahid: "XİN-in şirkətə köçürdüyü pulu Səlim Əlizadəyə nağdlaşdırıb borc olaraq verdim"
FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Bakı şəhərinin sabiq baş memarı Akif Abdullayev ifadə verib.
A. Abdullayev ifadəsində Nəsimi Rayonu Dilarə Əliyeva küçəsində yerləşən 141 və 145 saylı binalar barəsində məlumatı olmadığını və həmin binalarla bağlı razılıq alınmasından xəbərsiz olduğunu bildirib: "Mən yalnız layihələrə baxmışam, söküntü işləri mənlik deyildi. Sərəncam veriləndən sonra da Bakı şəhər icra başçısının tapşırıqlarını icra etmişəm. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəhbərliyi mən həyata keçirsəm də, digər işlərə başqa şöbələr nəzarət edirdi. Mən icraçı olmuşam. Başqa işlər mənlik deyildi. Hacıbala Abutalıbov Baş nazirin müavini təyin olunandan bir ay sonra bizi Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə verdilər. Həmin müddətdə rəhbərliyi Rasim Quliyevin etdiyini dedilər".
Rasim Quliyev isə cavabında heç vaxt baş idarəyə rəhbərlik etmədiyini bildirib.
Daha sonra şahid təqsirləndirilən şəxsin tikinti ilə bağlı imzaladığı sərəncamdan xəbəri olmadığını deyib: "Məndən soruşan var idi ki, sərəncam imzalayaq ya yox? Dilarə Əliyeva 141 ünvanında eskiz layihəsi, mərtəbə hündürlüyü və sıxlıqla bağlı çatışmazlıqlar var idi. Bununla bağlı "FF-2011" firmasına məktub yazdım. Mənim iradımdan sonra bəzi çatışmazlıqlar aradan qaldırıldı".
Müdafiəçilərin suallarını cavablandıran şahid sözügedən bina ilə bağlı layihəni təsdiqləyib Bakı şəhər İcra Hakimiyyətinin başçısına təqdim etdiyini qeyd edib: "Mən üzərimə düşən işi yerinə yetirdikdən sonra Hacıbala Abutalıbov Nazirlər Kabinetinin qərarına görə layihəni təsdiqləyib qərar verib. Buna üçün memar lazım deyildi".
Prosesin davamında Akif Abdullayev təqsirləndirilən şəxsin suallarına aqressiv şəkildə cavab verib: "Çox qəribə bir vəziyyət yaranıb, hamı arxitektura ilə məşğul olur. Olmaz belə! Bakıda bu qədər işlər görmüşük indi kimlərsə "badalaq" qoyur. Siz mütəxəsis olsaydız danışardıq. Hamı deyir ki, Akif Abdullayev hara baxıb? Akif əraziyə baxıb. Əmsal da əraziyə görə hesablanır. Ayrılmış torpağa əmsal hesablanırdı ki, bu da doğru deyildi. Bununla prosesin əvvəlindən pozuntuya yol verilirdi. Bunu istiyirdiz sizə deyim?"
Proses oktyabrın 4-də davam etdiriləcək.
Qeyd edək ki, rəsmi məlumata görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.
Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (APA)