Martın 16-sı saat 03 radələrində 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarətlə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilməsi, 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin isə həmin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
FED.az xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, ilkin araşdırma zamanı Camal Həsənov və Cəsarət Vəliyevin "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində birgə yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı onlara kəsici deşiyi alətlə xəsarət yetirilməsi və Cəsarət Vəliyevin aldığı xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.