Bakının tanınmış gecə klublarından biri “Otto” ətrafında qalmaqal yaşanır.
Eləcə də bax: “Auto Azerbaijan” yenə - Gömrük Qanunvericiliyini Pozdu
FED.az xəbər verir ki, icarədar Nahid İsgəndərov iddia edir ki, obyekt sahibi onun işlərinin yaxşı getdiyini görərək qazancı özü əldə etmək qərarına gəlib və müqavilə şərtlərini pozub.
Onun sözlərinə görə, obyektin sahibi məşhur “AZVİRT” MMC-nin direktoru Kamil Əliyevin qardaşı Elnur Əliyevdir: “Obyekti aylıq 20 min manata icarəyə götürmüşəm. Məsələ məhkəmə çəkişməsindədir. Elnur Əliyev indi obyekti özünün işlədəcəyini deyir. Mən oranı 2 illik müqavilə bağlayıb icarəyə götürmüşəm. 270 min manata qədər pul xərcləyib öz vəsaitim hesabına obyekti əsaslı təmir edib hazır vəziyyətə gətirmişəm”.
N.İsgəndərov məhkəmədə deyib ki, Elnur Əliyev həmin obyektdən özünün istifadə edəcəyini dedikdə ondan çəkilən təmir xərclərini ödəməsini və müqavilənin tələblərini icra etməsini tələb edib: “Bununla razılaşmayan Elnur Əliyev davamlı olaraq obyektin iş fəaliyyətini pozub, müştəriləri narahat edib, işçi heyəti ilə problemlər yaşayıb. Aramızda müqavilə olsa da, absurd bir qərardad çıxarılıb. İcarəyə götürdüyüm obyektə girişimi qadağan etdilər. İş üzrə yeni bir tərəf kimi Elnur Əliyevin qayınanası Lətifə Abdullayeva prosesə qoşuldu. Guya icarəçi kimi mənim illərdir ona icarə haqqı ödəmədiyimi dedi. Buna görə də, icarəçinin obyektdən çıxarılmasını istədi. Daha sonra müvəqqəti təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək mənim və başqalarının həmin obyektdən istifadə etməsinə qadağa qoyulmasını tələb etdi. Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə əsassız qərardad qəbul edərək ərizə təmin edildi. Sözsüz ki, Elnur Əliyevin “şəxsi əlaqə”lərinin də öz rolu olub”.
Qərardan narazı qalan N.İsgəndərov Bakı Apellyasiya Məhkəməsinə üz tutub: "Hakim Namiq Cəfərov Səbail rayon Məhkəməsinin qərardadını əsassız olduğu üçün ləğv edib. Amma iş bununla da bitmədi. 25 gün obyekt möhür altında bağlı saxlanıldı. Daha sonra Elnur Əliyev və qayınanası obyekt ilə əlaqəsi olmayan Elvin Qasımov adlı şəxsi məhkəməyə verdi. Səbail Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmli Elvin Qasımova və “başqa” şəxslərə obyektə girməyi qadağan etdi. “Başqaları” arasında da Nahid İsgəndərovun adı var. Yəni yuxarı instansiya məhkəməsi Nahid İsgəndərova obyektə girməyə icazə verir, amma Səbail Rayon Məhkəməsi yox”.
Lətifə Abdullayevanın vəkili müvvəqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə eyni zamanda məhkəməyə müraciət edərək məhkəmənin qərarı elan olunanadək obyektdən hər hansı şəkildə və məqsədlə istifadə edilməsinin qadağan olunmasını xahiş edib.
Sonuncu qərardad icarəçiyə obyektdən istifadəni qadağan edib. Hazırda məhkəmə çəkişməsi davam edir. (Qafqazinfo)