Bakının Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən marketlərdən birindən oğurluq edilib.
FED.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, naməlum şəxs gecə saatlarında mağazanın qapısını sındırıb içəri daxil olaraq oradan 550 qutu müxtəlif növ tütün məmulatları və içərisində 1923 manat olan seyfi götürərək hadisə yerindən uzaqlaşıb.
Eləcə də bax: “Al marketlər” şəbəkəsinin - SEYFİ OĞURLANIB
Gecə saatlarında həmin şəxsin şübhəli davranışları və əlindəki oğurlanmış siqaret qutuları polislərin diqqəti cəlb etdiyindən o, Binəqədi rayonu ərazisində rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 7-ci Polis Bölməsinə gətirilib. Bölmədə həmin şəxsin Sabirabad rayon sakini Babək İsmayılov olduğu müəyyən edilib. Onun ərtrafında aparılan əməliyyat tədbirləri ilə əlindəki siqaret qutularını Nəsimi rayonunda yerləşən həmin mağazadan oğurladığını etiraf edib. Babək İsmayılovun qeyd edilən obyektdən oğurladığı seyfin də yeri polislər tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.
Eləcə də bax: Bakıda böyük şirkətin - PUL DOLU SEYFİ OĞURLANDI
Araşdırma zamanı Babək İsmayılovun Binəqədi rayonu ərazisində yerləşən binalardan birinin həyətindən ipdən asılmış paltarlar və pərdələr oğurladığı da məlum olub. Saxlanılan şəxs barəsində 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.