Bakıda hipermarketdəki silahlı insidentlə bağlı 3 nəfər həbs edilib.
FED.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bakıda “Bravo”da silahlı insident - Ölən və Yaralanan Var - VİDEO
Bildirilib ki, martın 4-də saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketdə baş vermiş silahlı insident zamanı Həşimov Rüfət Sahib oğlunun qəsdən öldürülməsi və Şaydayev Samir Ruslan oğlunun sağlamlığına ağır zərər vuran xəsarətlər yetirilməsi barədə daxil olmuş məlumatla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovunun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.
Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur.