Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev ona təyin edilən pensiyanın məbləği ilə razılaşmayıb.
FED.az-ın verdiyi xəbərə görə, pensiya məbləğinin artırılmasını tələb edən hakim bu səbəbdən öz həmkarlarına üz tutub. 58 yaşlı S.Hacıyev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
Eləcə də bax: «Məhkəmə hakimlərinin maaşı 5-10 min manatdan az olmamalıdır» - MÜSAHİBƏ
Hakim Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinin qərarından şikayət edib və şöbəni cavabdeh kimi işə cəlb edib. S.Hacıyevin şikayətinə hakim Miminat Hacıbəyova baxacaq. Hələ ki, məhkəmənin ilk iclası təyin edilməyib.
S.Hacıyev Kazan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İlk işinə Rusiyanın Samara şəhərində başlayıb. 7 ildən sonra Bakı Şəhər Prokurorluğunda böyük müstəntiq vəzifəsinə gəlib. Prokurorluq orqanlarındakı 11 illik fəaliyyətindən sonra Vergilər Nazirliyinin istintaq şöbəsində 7 il işləyib. Daha sonra Sumqayıtın və Bakı Hərbi Məhkəməsinin hakimi olub.
Qafqazinfo