“Azərpoçt”un inkassatoru şirkətin 10 min manata yaxın vəsaitini mənimsəyib.
Eləcə də bax: Saxta iş elanları verərək 100 min manatlıq ziyan vuran şəxs tutulub - VİDEO
FED.az xəbər verir ki, bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, “Azərpoçt”un Yevlax Regional Filialının əməkdaşı tərəfindən MMC-ə məxsus pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılan araşdırmalarla qeyd edilən filialda sürücü-inkassator işləyən Tural Məmmədovun MMC-dən iltizamnamə əsasında lotereya biletləri götürüb satmaqla əldə etdiyi 9 min 400 manat məbləğində pul vəsaitini cəmiyyətə ödəməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla Tural Məmmədov şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir. (Report)