Gəncə Ağır Cinayətlər Məhkəməsində “Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin sabiq direktoru Həsrət Səfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Eləcə də bax: Prokuror sabiq icra başçısına - 11 İl Həbs Cəzası İstədi
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsində baş verən qanunsuz hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq aparılıb.
Aparılan istintaqla müəyyən edilib ki, qeyd edilən müəssisənin sabiq direktoru H.Səfərov 2018-2019-cu illər ərzində tərtib edilən sənədlərə pambığın keyfiyyətinin azaldılması ilə bağlı tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə müəssisənin 117 min manat məbləğində pul vəsaitini mənimsəyib.
İş üzrə toplanan sübutlar əsasında H.Səfərova 26 aprel 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, H.Səfərov daha əvvəl Ağdam rayon Üçoğlan bələdiyyəsinin sədri vəzifəsində də işləyib.