Azərbaycanın ədliyyə işçiləri və məhkəmə hakimləri Türkiyəyə 505 min manatlıq dəstək göstərib.
Bu barədə FED.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, ədliyyə işçiləri, həmçinin apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri könüllü olaraq əmək haqlarından 505 min manatdan çox vəsaiti Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Şöbəsinin (AFAD) hesabına köçürüblər.
Nazirlik həmçinin zəlzələdən həyatını itirənlərlə bağlı Türkiyənin Ədliyyə Nazirliyinə, Azərbaycandakı səfirliyinə başsağlığı verib.
Qeyd edək ki, fevralın 6-da Türkiyə Respublikasının Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş dağıdıcı zəlzələnin ilk saatlarından Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olaraq təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dəstək nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu istiqamətdə ölkəmiz tərəfindən hər cür, o cümlədən axtarış-xilasetmə və tibbi köməklik göstərilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən Fond tərəfindən humanitar yardımlar edilir.