Azərbaycanda vəkillik vəsiqələri müddətsiz veriləcək.
FED.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.
Məlumatda bildirilir ki, qurumun Rəyasət Heyətinin iclasında “Vəkil vəsiqəsi”nin yeni nümunəsinin təsdiqi məsələsi müzakirə olunub və qərara alınıb ki, artıq vəkillərə verilən vəsiqələr 3 il müddətinə deyil, qeyri-müəyyən müddətə - vəkilin səlahiyyəti müddətinə verilsin.
Eyni zamanda, iclas ərzində fərdi qaydada fəaliyyət göstərmək istəyən vəkillərin müraciətlərinə, vəkillərin mükafatlandırılması məsələlərinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul olunub.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti eyni zamanda, aşağıdakı məsələləri Vəkillər Kollegiyasının üzvlərinin diqqətinə çatdırır:
Vəkillər Kollegiyasının 13.01.2018-ci il tarixli iclasında aşağıdakı iki məsələ qaldırılmış və bununla bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə müraciət ünvanlanması ilə bağlı qərar qəbul olunmuşdu. Qeyd olunan problemlərin həlli ilə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi ilə Qeydiyyat və notariat baş idarəsi arasında əldə olunmuş razılığa görə:
1. Notariat qurumlarında vəkillərin səlahiyyətlərinin müəyyən edilməsi üçün müvəkkillər tərəfindən vəkillərə verilən etibarnamələrin təsdiqilə bağlı, qanunvericilikdəki boşluqlar səbəbindən, anlaşılmazlıqlar yaranırdı. Bu, əsasən onunla bağlı idi ki, bir sıra hallarda vəkillər notariat orqanlarına qeyd edilən məsələ ilə əlaqədar müraciət edərkən, onların üzərində bu və ya digər səbəbdən vəkilin səlahiyyətlərini təsdiq edən vəsiqələr olmurdu. Belə olan halda, notariat orqanları qeyd edilən hüquqi hərəkətin icrasını həyata keçirə bilmirdilər.
Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin cari reyestr məlumatları elektron-notariat sisteminə əlavə olunması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə təqdim olunmuşdur. Növbəti günlərdən etibarən artıq üzərində vəkil vəsiqəsi olmayan və ya vəsiqəsinin müddəti keçmiş vəkillər öz şəxsiyyət vəsiqələrini notariat orqanlarına təqdim etməklə müvafiq əməliyyatlar apara biləcəklər.
2. Vəkillər öz müvəkkillərinə hüquqi yardım göstərmək üçün onlarla müqavilə bağlayıb order alırlar. Məsləhətxanada vəkillərə verilən orderlər müdirin möhürü və imzası ilə təsdiqlənir, fərdi vəkillər isə orderləri özləri təsdiqləyirlər. Məlumdur ki, hər bir order unikal reyestr nömrəsi olan sənəddir. Təcrübədə məhkəmə təmsilçiliyi ilə bağlı orderin əsli məhkəmələrə təqdim olunur. Sonradan məhkəmədə baxılan iş ilə bağlı vəkillər sübutların toplanılması məqsədilə notariat orqanlarına sorğu verilməsi və ya təmsilçilik üzrə etibarnamənin alınması üçün həmin orderlərin surətini ya məsləhətxana müdirlərinə təsdiqlətdirir və ya fərdi vəkildirsə, özü təsdiqləyib, notariusa təqdim edir. Lakin bu günədək notariuslar həmin orderlərin təsdiq olunmuş surətlərini “müəyyən edilmiş qaydada təsdiq olunmadığı” üçün (Qeyd: MPM-nin 73.5-ci maddəsi) qəbul etmirdilər.
Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əldə olunmuş razılığa əsasən, bundan sonra vəkil qurumlarının müdirləri və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərin özləri tərəfindən təsdiq edilmiş orderlərin surətiləri notariat orqanları tərəfindən qəbul olunacaq və hər hansı əlavə notarial təsdiqə ehtiyac olmayacaqdır. Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsindən verilən məlumata görə bu barədə tapşırıq ölkə üzrə bütün notariat orqanlarına ən yaxın günlərdə göndəriləcəkdir.