Azərbaycanda saxta kriptovalyuta satmağa görə saxlanılan Gülara Abdullayeva həbs edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.
O qeyd edib ki, mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edildikdən sonra faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və Bakı şəhər sakinləri - G.Abdullayeva və Xəyal Yaxyayev saxlanılaraq istintaqa cəlb edildilər: "Məhkəmənin qərarı ilə Xəyal Yaxyayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Gülara Abdullayeva isə istintaq müddətində polisin nəzarətinə verilməklə buraxıldı. Lakin, sonradan Gülara Abdullayevanın polisin nəzarətinə verilmə qətimkan tədbirinin şərtlərini pozması və zərərçəkən şəxslərə təzyiq etməsi müəyyən olunduğundan o, yenidən saxlanılaraq məhkəməyə təqdim edildi. Məhkəmənin qərarı ilə onun barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçildi".
"Mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir", - Mətbuat Xidmətindən bildirilib.