Şəki Ağır Cinayətlər Məhkəməsində Zaqatala Rayon Məhkəməsinin keçmiş hakimi Arif İsmayılov, onun məsləhətçisi Şahid Allahverdiyev və Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
FED.az APA-ya istinadən xəbər verir ki, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxış edərək A. İsmayılovun 3 il 6 ay, Ş. Alllahverdiyev və M. Yaqubovun 2 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmədə hökm oxunub.
Hökmə əsasən A. İsmayılov 2 il 6 ay, Ş. Allahverdiyev və M. Yaqubov hər biri 1 il 6 ay azadlıqdan məhrum edilib. Vəkillər Kollegiyasının üzvü olmuş M. Yaqubov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, istintaqla Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.
Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A. İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş. Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu iş üzrə Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubova da ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.