Azərbaycanda qumar oyunları təşkil edənlər və keçirənlər cinayət məsuliyyətinə cəlb ediləcək.
Eləcə də bax: Azərbaycanda idman mərc oyunlarının və lotereyaların reklamı - QADAĞAN EDİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, Məcəllənin 244-1-ci maddəsinin (Qumarxana təşkil etmə və ya saxlama) adı dəyişdirilərək “Qumar oyunlarının təşkili və ya keçirilməsi” adlandırılır və bu maddə yeni redaksiyada verilib. Bununla da qumar oyunlarının təşkili və keçirilməsi inzibati xəta kimi qiymətləndirilməyəcək, cinayət məsuliyyəti yaradacaq.
Belə ki, qumarxana, yəni qumar oyunlarını təşkil edənlər və ya keçirənlər on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq
Eyni əməllər təkrar törədildikdə və qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.