Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin sabiq rəisi Nurəddin Mustafayevin adı yeni qalmaqalın mərkəzindədir. Sabiq baş icra məmurunun adı yenə də dələduzluq işinə qarışıb.
Eləcə də bax: Baş Prokurorluq: Rövşən Əkbərov 20 il əvvəl qəsdən adam öldürdüyünə görə tutulub
FED.az xəbər verir ki, iş adamlarından üst-üstə 224 min manatlıq işin görülməsi üçün 100 min manata yaxın rüşvət alan Nurəddin Mustafayev sonradan yaxasını kənara çəkib. İş adamları sənədləri, sübutları toplayaraq istintaq orqanlarına müraciət etməyə hazırlaşırlar.
Ötən ilin ortalarında Nurəddin Mustafayevin adı məşhur iş adamı Hafiz Məmmədovdan vəkil İsmayıl Kəngərlinin vasitəsilə 100 min manat rüşvət alaraq, qarşılığında vəd etdiyi işi görmədiyinə görə diqqət mərkəzinə gəlmişdi. Məlum olmuşdu ki, "Hafka”nın iddiası üzrə çıxarılan məhkəmə qərarlarının icrasına görə Nurəddin Mustafayev vəzifə cinayəti edib, rüşvət alıb. Bu barədə ölkə mediası yüzlərlə xəbər yaydı. Yayılan məlumatlarda o da iddia olunurdu ki, o hələ vəzifədə olarkən 4 gün ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilib. Sonradan bu məsələlər səngidi.
Bununla belə Nurəddin Mustafayevin bir çox oxşar əməlləri də var.
Qeyd olunur ki, dələduzluq, rüşvət əməllərinə görə işdən qovulsa da, bu gün də məhkəmə qərarları ilə müsadirə edilmiş əmlaklar sabiq baş icra məmuruna milyonlar qazandırır. Belə ki, onun adı "Hidayətoğlu” hərrac şirkətinə bağlıdır. Hələ vəzifədə olarkən o, bu hərrac şirkətini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sahibi Elnur adlı şəxsdən alıb. İlkin olaraq şirkətin 50 faizini, sonradan isə hissə-hissə tam olaraq alıb. Belə ki, bütün İcra Şöbələri hərrac əməliyyatlarını məhz bu şirkətə yönəltməklə, Baş İdarə rəisinin külli miqdarda qazanc əldə etməsini təmin ediblər. Məlumata görə, təkcə bu hərrac əməliyyatları üzərindən Nurəddin Mustafayevin rəsmi illik gəliri 3-4 milyon manat olub. Faktiki olaraq isə Nurəddin Mustafayev hərracdan ildə 20-30 milyon qazanıb.
Təkcə 2019-cu ildə "Hidayətoğlu” üzərindən həyata keçirilən həracların dövriyyəsi 54 milyon manat olub.
Hərraca Nurəddin Mustafayev qohumu Faiq Nəcəfov vasitəsi ilə nəzarət edib. Oğlu Anar Mustafayev isə hərracdan əldə olunan qızılların Qətərə göndərilməsi işinə baxıb.
Ümumiyyətlə isə hərracda iş bölgüsü belə olub: Nurəddin Mustafayevin yaxını Xəqani Zeynalov və qardaşı Nəsimi Zeynalov bir qayda olaraq qızıl hərraclarının qalibi olublar. Nurəddin Mustafayevin "sağmal inəyi” "Hidayətoğlu”dan qazancının necə formalaşması haqda təsəvvür yaransın deyə çoxaylı hərraclardan yalnız biri haqda məlumatı bölüşək: 110 manatlıq qızılı hərracda 11 manata satılıb və alıcı əlbəttə ki, Mustafayevin yaxını Xəqani Zeynalov olub.
Hərrac üzərindən satılan maşınların alıcısı isə bir qayda olaraq Nurəddin Mustafayevin yaxın ətrafına daxil olan İlyas adlı şəxs olub. Beləcə, Nurəddin Mustafayev varlandıqca-varlanıb, üstəlik icra işləri ilə bağlı rüşvət almaqdan da çəkinməyib. Nurəddin Mustafayevin ölkədən oğlu Anar Mustafayevin əli ilə 100 milyon manatlıq qızıl çıxarması haqda iddialar da var. Ümumiyyətlə isə Nurəddin Mustafayevin vəzifədə olduğu müddətdə məhkəmə qərarları ilə müsadirə olunan əmlak və qızıl-zinət əşyalarının, alınan borcların təxminən yarısına əl qoyduğu iddiası da var. Onun bu yolla olduqca böyük varidata sahibləndiyi, təxminən yarım milyard ələ keçirə bildiyi də gələn məlumatlar sırasındadır.( Musavat.com)
FED.az" src="https://fed.az/upload/news/3890516.jpg" />