2018-ci ildə Azərbaycanda çıxarılan məhkəmə qərarlarının yarısı icra edilməyib. FED.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Nazirlikdə qeyd edilib ki, son illər baxılan işlərin sayının çoxalması ilə məhkəmə qərarlarının icrası sahəsində də iş həcmi əhəmiyyətli dərəcədə artıb.
Eləcə də bax: Məhkəmə sistemini silkələyəcək yenilik – YENİ İCRA QURUMU YARADILA BİLƏR
Belə ki, 2018-ci ildə icra qurumlarına daxil olan icra işlərinin sayı 873 minə çatıb, onlardan 450 mindən çoxunun icrası təmin edilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə iki dəfədən artıq – 1,1 milyard manatdan çox vəsait ödətdirilib.
Eləcə də bax: Azərbaycanda icra qanunvericiliyi dəyişir
Məhkəmə qərarlarının icrasından qərəzli boyun qaçıran 6775 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2913 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 446 şəxs barəsində cinayət işi başlanılıb.
Ölkədən getmək hüquqi müvəqqəti məhdudlaşdırılan belə şəxslərdən 4885 nəfərin isə məhkəmə qərarını icra etdiklərinə görə üzərlərindən məhdudiyyət götürülüb. Vətəndaşların rahatlığı üçün nazirlik tərəfindən yaradılmış belə məhdudlaşdırmanın olub-olmamasını dərhal öyrənməyə imkan verən elektron xidmətdən istifadənin sayı ilbəil artaraq 2018-ci ildə 1,4 milyona çatıb.