Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Şuradan FED.az-a bildiriblər ki, iclasda qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərlə yanaşı, hakimlərin məsuliyyət hissinin artırılması xüsusilə diqqətdə saxlanılır.
Şuranın fəaliyyəti dövründə qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb. Korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.
Təkcə son üç ildə isə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yeni Qaydalarına uyğun olaraq ötən il 220-dən çox hakimin fəaliyyəti Şura tərəfindən prinsipial qiymətləndirilib, aidiyyəti materiallar əsasında zəruri təhlillər aparılıb. 5 nəfərin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq təkrar qiymətləndirilmələri qərara alınıb.
Məhkəmələrdə qeyri-prosessual münasibətlərin qarşısının alınması, onları doğuran səbəblərin aradan qaldırılması məqsədilə Şura tərəfindən yerlərdə davamlı monitorinqlər və vətəndaşların qəbulu aparılır. Bilavasitə yerli məhkəmələrdə apellyasiya məhkəmələrinin sədrləri tərəfindən vətəndaşların mütəmadi qəbulunun keçirilməsi təşkil olunub.
Eyni zamanda, Məhkəmə-Hüquq Şurasına, o cümlədən dövlətimizin başçısının Fərmanına əsasən Şurada yaradılmış “Qaynar xətt”ə daxil olan müraciətlərin araşdırılması nəticələri üzrə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə təkcə ötən il 130-dan çox hakim rəsmi xəbərdar edilib və bu, onların fəaliyyətlərinin qiymətləndirilməsində nəzərə alınıb, təkrar belə pozuntulara görə isə intizam icraatları başlanılıb. Bununla yanaşı, yuxarı məhkəmələr təcrübəli və peşəkar hakimlərlə möhkəmləndirilib, o cümlədən ötən il bütün apellyasiya məhkəmələrinin sədrləri dəyişdirilib. Görülən tədbirlər məhkəmələrdə baxılan işlərin keyfiyyətinə də təsirsiz ötməyib, təmin edilən iddiaların və yekun məhkəmə qərarların sabitliyi artıb.
İclasda, həmçinin fəaliyyətində bundan əvvəl peşəkar çatışmazlıqlar aşkar edilmiş hakimlərin fəaliyyəti təkrar qiymətləndirilib, işində dönüş yaratmadıqlarına görə 4 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb. Qanunvericiliyin tələblərinin pozulmasına görə apellyasiya məhkəmələrinin 4, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.
Həmçinin korrupsiyaya şərait yaradan hüquqpozmalara, süründürməçiliyə və digər kobud qanun pozuntularına yol verilməsinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanılıb.