Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən sabiq məhkəmə hakimi Lətif Nəbiyevin cinayət işi ilə bağlı detallar müəyyən olub.
Eləcə də bax: “Yarım milyonluq yeyintinin videosunu vermişik, prokuror müavini işi rədd edir”
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, keçmiş hakim həm torpaq alqı-satqısında, həm də şərikli iş görmək adı ilə iki nəfərə qarşı 307 min dollardan çox dələduzluq edib.
O, zərərçəkmiş Azad İbrahimovdan 247 400 dollar alıb. L.Nəbiyev Türkiyədə yaşayan qohumu A.İbrahimovdan əvvəlcə 13 400 dollar alaraq ona sərfəli qiymətə torpaq sahəsi alacağına dair vəd verib. Bir müddət sonra Azadı Xətai rayonuna apararaq orada 7 sot boş ərazini göstərib, həmin torpaq sahəsini Azad üçün aldığını deyib.
Onun etibarını qazandıqdan sonra L.Nəbiyev Bakının gözəl sanatoriya yerlərindən birində, dəniz kənarında 120 sot torpaq sahəsi tapdığını, həmin torpağın dəyərinin əslində 500 min dollar olduğunu, lakin hakimlik nüfuzundan istifadə edərək torpağı 240 min dollara ala biləcəyini deyib.
Azad isə Lətifin sözlərinə inanaraq, ona 234 min dollar verib. Lətif Azadı inandırıb ki, dəniz kənarındakı həmin ərazidə istirahət mərkəzi tikərək böyük biznes qura bilər.
Azad torpağın sənədini istəyəndə Lətif Nəbiyev ona iki fərqli adamın adına ümumilikdə 100 sot olmaqla Pirşağı bələdiyyəsindən verilmiş 10 illik icarə müqaviləsi verib.
Sabiq hakim qohumuna deyib ki, Azərbaycandakı qayda-qanuna əsasən, Azad Türkiyədə yaşadığı üçün sənədləşmə birbaşa onun adına aparıla bilmir. Ona görə də torpağı başqalarının adına alıb və daha sonra Azadın adına çıxarış alınacaq.
Lakin Azad məsələdən şübhələndiyi üçün Pirşağı bələdiyyəsinə gedərək əlindəki sənədləri göstərib. Orada məlum olub ki, həmin sənəd sadəcə 10 illik icarə müqaviləsidir və icarə müddəti bitəndən sonra ərazi dövlətin balansına keçəcək.
Bundan sonra keçmiş hakim zənglərə cavab verməyib və aldığı pulları geri qaytarmayıb.
Digər zərərçəkmiş Rüstəm Abdullayev isə Lətif Nəbiyevə şərikli iş görmək adı ilə ona 59 700 dollar verib. Lətif Rüstəmə Ucar və Kürdəmirdə qaz, İsmayıllıda isə su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı iş gördüyünü və yaxşı qazanc olduğunu deyib. Sərmayə yatırdığı halda onun xeyir götürəcəyi vədini verib. Lakin vəd olunan qazanc Rüstəmə ödənilməyib.
L.Nəbiyev ifadəsində Azada heç bir borcu olmadığını, Rüstəmdən aldığı məbləğin isə bir hissəsini geri qaytardığını deyib. Keçmiş hakim bildirib ki, o, Azaddan aldığı 234 min dolları Azadın qardaşı Abbasa verib.
Abbas isə həmin pulu torpağı satan Pirşağı məscidinin axundu Əliyulla Məmmədova verib. Daha sonra Abbas vəfat edib.
İstintaq zamanı dindirilən axund Ə.Məmmədov bildirib ki, qeyd edilən ərazinin qonşuluğunda onun öz həyətyanı ərazisi var. Lətif Nəbiyevin dediyi 120 sotluq ərazi ona məxsus deyil. Hətta dələduzluğu üzə çıxandan sonra Lətif axundun yanına gələrək “bu günlərdə səni “Bandotdel”ə ifadə vermək üçün dəvət edəcəklər, sən həmin idarədə olarkən ifadə verərsən ki, guya torpaq sahəsini mənə sən satmısan. Heç olmazsa ifadə ver ki, guya torpaq sahəsini Abbasa satmısan, onsuz da Abbas ölüb, heç kim bunu müəyyən edə bilməyəcək. Azad da heç nə edə bilməyəcək, məsələ də bağlanıb gedəcək” deyib. Lakin axund bunu qəbul etməyib.
Qeyd edək ki, cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq yekunlaşıb. Lətif Nəbiyev CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Lətif Nəbiyev 2000-2007-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2007-2008-ci illərdə isə Suraxanı Rayon Məhkəməsinin hakimi olub. 24 aprel 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.