Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib.
Eləcə də bax: Bakıda karantin rejimini pozan - KAFE TAPILDI
FED.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 2-dən 3-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 15, o cümlədən Bakı şəhərində 9 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.
Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.
Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3 566 nəfərə, onlardan Bakı şəhəri üzrə 2 973 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 10 şəxs inzibati qaydada həbs olunub.
Eyni zamanda qeydiyyatda olduqları ərazidən kənara çıxmağa cəhd göstərən 1 320 nəqliyyat vasitəsi xüsusi postlardan geri qaytarılıb.
Ümumilikdə ötən gün ərzində respublika üzrə 10 nəfər inzibati həbs edilib, 3 581 nəfər inzibati cərimə olunub.
Bir daha vətəndaşlarımızdan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edirik.