Azərbaycanın şərab istehsalçılarından olan «Tovuz Baltiya» şirkətinin sahibi Naiq Məmmədhəsənov və ölkənin bank sektorunun aparıcı banklarından olan «Bank of Baku» arasında işgüzar nüfuzun ləkələnməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
FED.az xatırladır ki, bankla iş adamı arasında məhkəmə prosesi 2018-ci ildə - N.Məmmədhəsənovun «Bank of Baku» ilə münasibətləri barədə FED.az-a açıqlamasından sonra başlayıb. Bank bu açıqlamada səslənən fikirləri işgüzar nüfuzunu ləkələyən məlumat hesab edərək məhkəməyə müraciət etmişdi.
Məhkəmənin qərarına əsasən Məmmədhəsənov Naiq Əli oğlu FED.AZ-a müraciət edərək vaxtilə bildirdiyi fikirləri təkzib edib. İş adamı bildirib: «07 mart 2018-ci il tarixində saat 16:13-də «Fed.az» informasiya saytında «Məşhur iş adamı: «Deyəndə ki, o bankın müştərisiyəm, mənə gülürlər» başlıqla yerləşdirilmiş yazıda mənim, yəni Məmmədhəsənov Naiq Əli oğlunun adından bildirilən və «Bank of Baku» ASC-nin işgüzar nüfuzunu ləkələyən məlumatlar həqiqətə uyğun deyildir».