Azərbaycanda 299 şirkətə rəhbərlik edən iş adamı Mehman Alməmmədov və İlahim Mehralıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.
FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən hər iki şəxsin çəkilməmiş cəzalarının olduğunu bildirib və Mehman Alməmmədovun 13 il, İlahim Mehralıyevin isə 16 il müddətə azadlıqdan məhrum edilməsini təklif edib.
Müdafiəçilər məhkəmədən çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti prosesi 28 oktyabrda keçiriləcək.
İttihama görə, Mehman Alməmmədov və İlahim Mehralıyev dövlət büdcəsindən tender yolları ilə ayrılan pulları öz şəxsi ehtiyaclarına xərcləyiblər.
İstintaqla Mehraliyev İlahim Ərəstun oğlu, Alməmmədov Mehman Allahverdi oğlu və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərinin cinayət əlaqəsinə girərək 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəmələrinə, bununla da cinayət yolu ilə əldə etdikləri həmin pul vəsaitini leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxslər vəzifəli şəxslərlə əlbir olaraq tender yolları ilə dövlət büdcəsindən ayrılan pulları Türkiyədə fəaliyyət göstərən şirkətlərə köçürməklə Külli miqdarda pullarını leqallaşdırıblar. İlahim Mehralıyev və Mehman Alməmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Mehman Allahverdi oğlu Alməmmədov və İlahim Ərəstun oğlu Mehralıyev dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar.
Qeyd edək ki, iş adamı Mehman Alməmmədov Gürcüstanın Marneuli rayonunda anadan olmuş, Azərbaycan vətəndaşı Mehman Alməmmədov vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış “Caspi LTD” MMC, “OCEAN-2017” MMC, “Tersavuu” MMC, “Hentomm” MMC, “Uğur Servis-H” MMC, “Simus Trade" MMC, “Klassik Trade Group" MMC, “Artech” MMC, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Firat Ticarət” MMC, “Malibu Finans” MMC; 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Volta-M” MMC, “Koressa” MMC, “Qrand Reklam” MMC, “Kvazi S” MMC; 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Grand Star” MMC və “Proqress-SV” MMC-lərin faktiki rəhbəri olub.
Adıçəkilən sahibkarın digər şəxslərlə birgə rəhbərlik etdiyi 16 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1 milyon 597,7 min manat vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub.
Qeyd edək ki, Mehman Alməmmədov bir neçə il əvvəl paytaxt ərazisində quldurluq cinayətinə məruz qalmışdı. Ona hücum edən şəxs 190 min manatını götürərək qaçmışdı. (Trend)












