Ötən il 230-dək hakimin fəaliyyəti qiymətləndirilib və peşəkar çatışmazlıqlar aşkar edilən 10 hakimin səlahiyyətlərinə xitam verilib.
FED.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib.
Şurada daha 90-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə baxılıb. Fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilən 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verilib. Apellyasiya məhkəməsinin 2 hakiminin səlahiyyətlərinə ərizələrinə əsasən vaxtından əvvəl xitam verilib.
İclasda həmçinin, hakimlər haqqında başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, çəkişmə prinsipinə tam əməl etmədiklərinə və digər nöqsanlara görə 8 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, 1 nəfərin isə tutduğu vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul edilib.