Azərbaycanda məhkəməyə müraciət etmək istəyən şəxslər bu prosesin böyük ehtimalla hansı nəticə ilə başa çatacağını əvvəlcədən öyrənə biləcəklər. FED.az xəbər verir ki, bu Azərbaycanda qurulmaqda olan «Proqnozlaşdırılan Ədliyyə» sistemi sayəsində mümkün olacaq.
Ölkənin məhkəmə sistemində aparılan islahatlar və gözlənilən yenilikləri FED.az-a şərh edən Bakı Şəhər Yasamal rayn məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov bildirib ki, yeni sistemin tətbiqindən sonra istəniən şəxs məhkəməyə müraciət etməzdən əvvəl yoxlaya biləcək ki, bu işi udmaq ehtimalı nə qədərdir: «Bu sistem «Proqnozlaşdırılan Ədliyyə» adlanır. Bu o deməkdir ki, məhkəməyə müraciət etmək niyyəti olan istənilən vətəndaş, əvvəlcə sayta daxil olub, öz mübahisəsi ilə bağlı bütün halları yazacaq, sistem özü bu sahədə indiyədək çıxan qərarları təhlil edəcək və vətəndaşa bildirəcək ki, bu mübahisədə udmaq şansı neçə faizdir. Bundan sonra vətəndaş özü qərar verəcək ki, bu mübahisəni məhkəmədə başlasın, ya yox».
Eləcə də bax: «Məhkəmə hakimlərinin maaşı 5-10 min manatdan az olmamalıdır» - MÜSAHİBƏ
R.Qurbanov bildirib ki, bu və digər yenilikləri özündə əhatə edən elektron məhkəmə sisteminin qurulması üçün hazırda Sloveniya, Bosniya və Avstraliya ekspertləri ilə birgə iş aparılır: «Çalışırıq bu ilin sonuna qədər ilk versiya hazırlansın, amma onun tam gücü ilə işləməsi üçün sistemə Azərbaycanın bütün məhkəmələri qoşulmalıdır».
Yeni sistein qurulması Azərbayxan məhkəmələrində eyni mübahisələrlə bağlı fərqli qərarların verilməsinin də qarşısını alacaq: «Ölkə başçısı buna xüsusi önəm verib, ciddi tapşırıqları var, bu məsələ fərmanda da qeyd olunub. Mən ümid edirəm ki, bu baş versə ümumiyyətlə Azərbaycanda eyni məsələ ilə bağlı heç bir hakim müxtəlif qərar verə bilməz. Ona görə ki bu ani olaraq ekranda görünəcək».