Azərbaycan Mərkəzi Bankı “Azəri Med” QSC barəsində məhkəməyə müraciət edib.
Eləcə də bax: “Aztelekom” - MƏHKƏMƏYƏ VERİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bank “Azəri Med” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Nəsimi Rayon Məhkəməsinə göndərib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Xatırladaq ki, Azəri Med QSC Azərbaycanın tibbi tədarükçülərindən biridir. Xəstəxanalar, apteklər və distribyutorları əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s.ilə təmin edir.