Azərbaycanda məhkəmələrə yeni hakimlərin təyinatının bəzi detalları açıqlanıb.
Bir sıra məhkəmələrə sədr, sədr müavinləri və hakimlər təyin edilib - SƏRƏNCAM - SİYAHI
Məhkəmə-Hüquq Şurasından FED.az-a verilən məlumata görə, bu sahədə islahatların başlandığı 2019-cu ildən indiyədək 1200-dək hakimliyə namizəd arasından seçim edilib.
Bu çoxmərhələli prosesi, o cümlədən Ədliyyə Akademiyasında uzunmüddətli tədris və məhkəmələrdə təcrübəni uğurla başa vuran 83 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif birinci instansiya məhkəmələrinə hakim vəzifələrinə təyin edilib. 300-dən çox namizəd isə seçim prosesinin müxtəlif mərhələsindədir. Hazırda onlardan 33 nəfəri imtahanlarda müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında tədrisə cəlb edilib.
40 nəfər hakimliyə namizəd isə artıq həmin təlim mərhələsini bitirib. Məhkəmə-Hüquq Şurası bu namizədlərin hər biri ilə Qaydalara uyğun olaraq söhbətlər keçirib və ixtisaslaşmaları aparılaraq münasib hakim vəzifələrinə təyin edilmələri üçün dövlət başçısına təkliflər verilib.
Azərbaycan Prezidentinin 2023-cü il 12 yanvar tarixli Sərəncamı ilə həmin namizədlərin müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alması mövcud vakansiyaların komplektləşdirilməsinə xidmət etməklə, hakimlərin iş yükünün azalmasına, işlərə daha çevik və keyfiyyətlə baxılmasına əlavə rəvac verəcək.
Şuradan bildirilib Ki, hakim olmaq üçün yaş məhdudiyyətinin ləğvi gənc hüquqşünasların bu prosesdə daha fəal iştirakına şərait yaradıb. Nəticədə hazırda hakimliyə namizədlərin tam əksəriyyətini yeni nəsil, o cümlədən xaricdə təhsil almış, elmi dərəcələrə yiyələnmiş gənc hüquqşünaslar təşkil edir. Onlar müxtəlif hüquq təsisatlarında – məhkəmə, ədliyyə, prokurorluq orqanlarında, vəkillik xidmətində, dövlət və özəl müəssisələrdə müvəffəqiyyətlə çalışıblar.
Ümumiyyətlə, son dövrlər aparılmış təyinatlar nəticəsində hakim korpusunda yeni nəsil hakimlərin sayı 80 faizi ötüb.
Eyni zamanda yeni təyinat alanların 50 faizə qədərini qadınlar təşkil edir.