FED.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib. İclasda mövcud problemlərə toxunulub. Vətəndaşlarda haqlı narazılıq doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq cari ildə apellyasiya və birinci instansiya məhkəmələrinin 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verildiyi, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakiminin aşağı işə keçirildiyi diqqətə çatdırılıb. Eyni zamanda, 2018-ci ildə 100-dək hakimin səlahiyyət müddətinin başa çatacağı bildirilib, bununla əlaqədar prinsipial təhlillərin aparılması və onların fəaliyyətinin qiymətləndirilməsinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.
İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, korrupsiyaya şərait yaradan hallara, habelə icra intizamının və qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına yol verdiklərinə görə, Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Vidadi Cəfərov və Hüseyn Nəbiyevə töhmət elan edilib.