Almaniya, Hollandiya və Belçikadan olan əməliyyatçılar 50 bankomatı partlatmaqda məsul olan qrupu ələ keçiriblər.
FED.az xəbər verir ki, alman detektivləri Almaniyada 50-dən çox bankomatı partladıb 5,2 milyon avro oğurladığı iddia edilən Hollandiya cinayətkar dəstəsini həbs ediblər.
Verilən məlumatlara görə, 2021-ci ilin noyabr ayından fəaliyyət göstərən cinayətkarlar Türingiyadakı bir hücum istisna olmaqla, həmişə Almaniyanın iki cənub əyalətindəki bankomatları hədəf seçiblər.
Bu barədə cümə axşamı Münhendə Bavariya və Baden-Vürtemberq Kriminal Polisinin Dövlət İdarələri və Bamberq prokurorluğu məlumat yayıb.
Bazar ertəsi polis əməkdaşları Hollandiyanın Utrext və Limburq əyalətlərində, habelə Belçikada yerli polislə birgə reyd keçirərək 16 ünvanda axtarış aparıblar.
Partlayıcı maddələrdən istifadə edərək quldurluq etməkdə şübhəli bilinən 25-41 yaşlarında olan doqquz kişi həbs edilib.
Alman müstəntiqləri bu əməliyyatı «bankomat bombardmançılarına qarşı ən böyük tədbirlərdən biri» adlandırıblar. Hazırda qrupun daha 3 üzvü axtarışdadır.
Bavariyanın daxili işlər naziri Yoahim Herrmann Federal Kriminal Polis İdarəsinə istinadən bildirib ki, ötən il ölkə üzrə 493 partlayış törədilib.
O, həmçinin bildirib ki, kriminal biznesin bu sektorunda çoxsaylı dəstələr hələ də fəaliyyətdədir.
"Təcrübə göstərir ki, bu cür uğurlu araşdırmalar nəticəsində cinayətkarların sıralarında yaranan boşluqlar tez bir zamanda doldurulur", - nazir bildirib.
Bavariyanın ədliyyə naziri Georg Eisenreich əlavə etdi: "Bankomat partlayışı müasir bir bank quldurluğu hesab olunur".
Onun sözlərinə görə, cinayətkarlar son vaxtlar bankomatları bərk partlayıcı maddələrlə partladıblar. Əvvəllər isə bunun üçün partlayıcı qaz qurğularından istifadə edilirdi.
Baden-Vürtemberq əyalətinin daxili işlər naziri Tomas Strobl bildirib ki, əmlaka dəyən ziyan mütəmadi olaraq qənimətdən çoxdur. Belə ki, 50 halda saxlanılan qrup 6,5 milyon avro ziyan vurub.