İnzibati cərimələrin qaytarılması qaydası təsdiq edilib.
Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərar artıq ödənilmiş, düzgün tətbiq edilməmiş və ya səhv ödənilmiş inzibati cərimələrin qaytarılması qaydasını müəyyən edir.
Qərara əsasən, ödənilmiş inzibati cərimə aşağıdakı hallarda dövlət büdcəsindən və inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarından qismən və ya tamamilə qaytarılır:
- cərimə miqdardan artıq ödənildikdə;
- inzibati tənbeh haqqında qərar şikayət və ya protest əsasında ləğv edildikdə və ya dəyişdirildikdə (inzibati cərimə əvvəlcədən ödənildiyi halda);
- səhvən inzibati cərimə kimi ödənildikdə;
- cərimə başqa şəxsin adından ödənildikdə.
İnzibati tənbeh tətbiq etmə haqqında qərarlar şikayət və ya protest əsasında dəyişdirilərək aşağı məbləğdə inzibati cərimənin tətbiq edilməsinə münasibətdə inzibati cərimənin artıq ödənilmiş hissəsi geri qaytarılır.
Qərara əsasən, artıq ödəmə müraciətə əsasən 20 gün müddətində qaytarılır. İnzibati cərimənin qaytarılması ilə bağlı məhkəmə qərarı qanunvericiliyə uyğun icra edilir. Artıq ödəmənin qaytarılmasını 5 il müddətində tələb etmək olar.
Artıq ödəmənin qaytarılması üçün ərizə ilə müraciət edilməlidir.











