İstanbul Regional Ədliyyə Məhkəməsi 3-cü Cəza Dairəsi Mübariz Mənsimova yerli məhkəmə tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) çərçivəsində "iyerarxik struktura daxil olmamaqla təşkilata qəsdən yardım etmək" cinayətinə görə verilən 5 illik həbs qərarını qanuna uyğun sayıb.
Eləcə də bax: “Azercell” “Palmali” şirkətini - Məhkəməyə Verdi
FED.az xəbər verir ki, İstanbul 27-ci Ağır Cinayət Məhkəməsi tərəfindən Mübariz Mənsimova martın 5-də verilən cəza qüvvədə saxlanılıb, yəni, Mənsimovun apellyasiya şikayəti təmin edilməyib.
Habelə, İstanbul Region Ədliyyə Məhkəməsi 3-cü Cəza Dairəsinin sənədlər üzərindən apardığı təhlildən sonra verdiyi qərarda Mənsimova verilən 5 illik həbs cəzası ilə bağlı qərarın qanunazidd olmadığını bəyan edib.
Dəlil və prosesdə hər hansısa çatışmazlığın olmadığı, sübut baxımından dəyərləndirmənin də yerində olduğu qeyd edilən qərarda bu səbəbdən təqsirləndirilən Mübariz Mənsimovun vəkillərinin irəli sürdüyü səbəbləri düzgün saymayaraq apellyasiya müraciətinin rədd edilməsinə qərar verilib.
Qərarda təqsirləndirilən Mübariz Mənsimov haqqında "ölkədən çıxış qadağası"nın davam etdiyi vurğulanıb.
Xatırladaq ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun hazırladığı ittihamnamədə M.Mənsimovun “FETÖ terror təşkilatının üzvü olmaq” cinayətilə 7 il 6 aydan 15 ilə qədər həbslə cəzalandırılması tələb edilmişdi.
İstanbul 27-ci Ağır Cəza Məhkəməsi bu il martın 5-də açıqladığı qərarla M.Mənsimova 5 il həbs cəzası vermişdi. Məhkəmə onun həbsdə keçirdiyi müddəti və aldığı cəzanın miqdarını nəzərə alaraq onun barəsində “ölkədən çıxma qadağası” tədbirləri görülməsinə qərar vermişdi. (olkə.az)