Kreditorun (tələbkarın) borclunun öz əmlakını icradan yayındırmaq məqsədilə bağladığı əqdlərin etibarsız sayılması barədə tələb irəli sürməyə subyektiv hüququ vardır və belə iddia uydurma əqdə dair maddi hüquq normasının dispozisiya şərtləri əsasında həll edilməlidir.
MMC-nin növbədənkənar ümumi yığıncağı cəmiyyətin icra orqanı tərəfindən çağırılır
FED.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin qərarında qeyd edilib.
Bu barədə “Alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin qəbul etdiyi qərarda qeyd edilib.
İşin hallarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə 53 000 manat pul tutulub. Qətnamə qanuni qüvvəyə mindikdən sonrakı 10 gün ərzində cavabdeh mülkiyyətində olan iki əmlakı, bir ay sonra isə üçüncü əmlakı digər cavabdehə (arvadına) satıb. İddiaçı həmin alqı-satqı müqavilələrinin etibarsızlığına dair birinci instansiya məhkəməsində tələb irəli sürüb, göstərib ki, mübahisə olunan əqdlərin rəsmiləşdirilməsində məqsəd borclunun müqavilələrin predmeti olan əşyaların mülkiyyətçisi kimi görünməməsini təmin etməklə tələbin həmin əmlaka yönəldilməsinin qarşısını almaqdır. Belə olan halda, alacağının borclunun əmlakı hesabına ödənilməsi imkanı aradan qalxır və tələbkar kimi hüquqları pozulur. İddiaçı cavabdehlər arasında bağlanmış 28 iyun 2018-ci il tarixli alqı-satqı müqavilələrinin əhəmiyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş edib.
Birinci instansiya məhkəməsi 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddianı rədd edərkən bir tərəfdən iddiaçının bu tələbi irəli sürməyə subyektiv hüququnun olmadığını bildirib, digər tərəfdən əqdlərin etibarsız sayılması üçün əsasların müəyyən edilmədiyini göstərib. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşıb. Bundan sonra iddiaçı kassasiya instansiyası məhkəməsinə müraciət edib.
Ali Məhkəmə hesab etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyib. Belə ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Qərarda qeyd olunmuşdur ki, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.
Məhkəmə tərkibi qeyd edib ki, uydurma əqd belə məqsədlə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Mövcud vəziyyətdə iddiaçının subyektiv hüququnun olmaması barədə mövqe şəxsin məhkəmə müdafiəsi hüququna ziddir.
Kassasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə və Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə istinadən vurğulamışdır ki, kreditorun (tələbkarın) borclunun öz əmlakını icradan yayındırmaq məqsədilə bağladığı əqdlərin etibarsız sayılması barədə tələb irəli sürməyə subyektiv hüququ vardır və belə iddiaya uydurma əqdə dair maddi hüquq normasının dispozisiya şərtləri əsasında baxılmalıdır.
Bu zaman məhkəmə məsələyə formal yanaşmamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları, o cümlədən mübahisə olunan əqdlərin rəsmiləşdirilməsi ilə hədəflənən hüquqi nəticənin nədən ibarət olmasını, başqa sözlə əqdin tərəflərinin müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək istədiklərini, yoxsa belə nəticə arzulamadan müqavilələrin sadəcə üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq məqsədilə bağladıqlarını, bu konteksdə müqavilələrin rəsmiləşdirildiyi dövrü, alıcının kimliyini və satıcı ilə münasibətlərinin nədən ibarət olmasını, əqdin tərəflərinin müqavilədən əvvəlki və sonrakı davranışlarını, əşyaların alıcının sahibliyinə verilib-verilməməsini, müqavilə bağlandıqdan sonra satıcının bu əşyalar üzərindəki faktiki sahiblik və idarəçiliyinin davam edib-etməməsini və digər xüsusatları aydınlaşdırmaqla Mülki Məcəllənin 340.1-ci maddəsinin şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğun olub-olmamasına hüquqi qiymət verməlidir.
Baxılan işdə apelyasiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, göstərilən maddi və prosessual hüquq normalarına uyğun bir araşdırma aparmamış, iddiaçının irəli sürdüyü dəlillərə lazımi şəkildə qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunub. Apellyasiya instansiyası məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilib, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilib.