Azərbaycan Respublikası Ali Məhkəməsinin Mətbuat xidməti bəzi kütləvi informasiya vasitələrində “Azprof” MMC ilə əlaqədar yaranmış mübahisə ilə bağlı dərc edilmiş yazılara münasibət bildirərək təəssüflə qeyd edir ki, bəzi media nümayəndələrinin dövriyyəyə buraxdıqları məlumatlar həqiqəti əks etdirmir.
Eləcə də bax: “İdeal Motors” “Aznur”u - Məhkəməyə Verib
FED.az xəbər verir ki, Ali Məhkəmədən daxil olmuş məlumatda deyilir:
Belə ki, iddiaçılar Hacı Reza Hüseyn Əbdullah oğlu və Əli Səlimi Hüseyn oğlunun cavabdehlər Hacı Reza Əkbər oğluna, Qasımova Tamilla Cavanşir qızına, üçüncü şəxslər Bakı şəhəri 26 saylı notariat kontoruna və “Azprof” MMC-nin direktoru Məmmədov İdris Əsəd oğluna qarşı payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2018-ci il 22 fevral tarixli qətnaməsi ilə iddiaçılar Hacı Reza Hüseyn Əbdullah oğlu və Əli Səlimi Hüseyn oğlunun xeyrinə yekunlaşmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2018-ci il 22 fevral tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 10 iyul tarixli qətnaməsi ilə və sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2020-ci il 10 yanvar tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 01 dekabr tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 10 yanvar tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş və işə həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq Ali Məhkəmədə yeni hallar üzrə baxılması qərara alınmışdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 431-4.2.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 30 aprel tarixli qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının 2020-ci il 10 yanvar tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 10 iyul tarixli qətnaməsi ləğv edilmiş və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda işə apellyasiya məhkəməsində baxılır.
"Ali Məhkəmə təəssüflə qeyd edir ki, bu tipli yazıların dərc edilməsi ədalət mühakiməsinin nüfuzuna xələl gətirir, hakimlərə və məhkəmə hakimiyyətinə qarşı cəmiyyətdə mənfi fikir formalaşdırmasına xidmət edir",- məlumatda deyilir.
Qeyd edək ki, İran vətəndaşı Hacı Reza Əkbər iddia edib ki, Ali Məhkəmənin hakimi Xəqani Məmmədovun Azərbaycanda plastik və alüminium məhsullar istehsal edən böyük şirkətlərdən biri “AZPROF” MMC-nin səhmlərini yaxın adamının adına keçirib. O, “Tulu Fəcr Tehran Limited” şirkətinin Azərbaycandakı səlahiyyətli nümayəndəsidir və bu şirkət “AZPROF” MMC-nin 50 faiz payına malikdir. "Amma biz 50 faiz pay sahibi olduğumuz şirkətə girə bilmirik",- Hacı Reza Əkbər iddia edib. (Marja)