Azərbaycan Respublikası Ali Məhkəməsi kadr ehtiyatının yaradılması məqsədilə Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edib.
Ali Məhkəmədən FED.az-a verilən xəbərə görə, müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Ali Məhkəmənin Aparatında dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, məhkəmə sistemində qulluğa yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir.
Müsabiqədə iştiraka hüquqşünaslıq ixtisası üzrə ali təhsilə (hüquqşünaslıq ixtisası üzrə ən azı 5 il iş stajı və ya məhkəmə sistemində staj arzuolunandır) malik Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.
Müsabiqəyə sənədlər cari ilin aprel ayının 7-dək qəbul ediləcək.
Müsabiqənin test imtahanı Ali Məhkəmənin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək və bu barədə namizədlərə əlavə məlumat veriləcək.
Müsabiqədə uğur qazanan namizədlər Ali Məhkəmənin kadr ehtiyatına daxil ediləcək və Ali Məhkəmənin Aparatında vakant dövlət qulluğu vəzifələri yarandıqca həmin namizədlərə iş təklif ediləcək.