Yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
Bu barədə FED.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd edilən qanunsuz əməllərin daha bir iştirakçısı - paytaxt sakini Viktoriya Rzayeva saxlanılıb:
"Müəyyən edilib ki, V.Rzayeva “Telegram” sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin onu yönləndirdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Qeyd olunan hüquqazidd əməllər nəticəsində V.Rzayeva 38.700, 6.400 və 10.050 manat olmaqla ümumilikdə 3 vətəndaşa 55.150 manat maddi ziyan vurub. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra “Telegram”da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. V.Rzayeva bu qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb".
Məlumatda qeyd edilib ki, paytaxt ərazisində polis əməkdaşları tərəfindən bir müddət əvvəl həyata keçirilən tədbirlərlə “Telegram” sosial şəbəkəsində əlaqə yaratdıqları naməlum şəxslərin sifarişi ilə analoji əməllərin törədilməsində kuryer qismində iştirak edən daha 14 nəfər saxlanılıb:
"Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir".
"Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər", - deyə DİN-dən bildirilib.