ABŞ-ın Florida ştatında bir neçə fiziki şəxs və bir hüquqi şəxs Çin Xalq Respublikasını (bundan sonra “ÇXR”) və ÇXR-in bir neçə dövlət orqanını qlobal pandemiyaya səbəb olmaqda günahlandıraraq, eyni vəziyyətdə olan bütün şəxslərin adından Florida Cənub Mahal məhkəməsində onlara qarşı birgə iddia qaldırıblar.
Müəllif: Nihat Hüseynov, hüquqşünas
FED.az xəbər verir ki, İddiaçılar məhkəmənin yurisdiksiyasının mövcud olmasını 1976-cı il tarixli Xarici Dövlətlərin Toxunulmazlığı haqqında Qanunun (Foreign Sovereign Immunities Act of 1976) 1605-ci maddəsinin a bəndinin 2-ci və 5-ci hissələrinə istinad edərək iddia edirlər. Belə ki, həmin müddəalara əsasən (1) ABŞ-ın ərazisindən kənarda başqa bir yerdə xarici dövlətin kommersiya fəaliyyəti ilə bağlı olan və ABŞ-da birbaşa təsiri olan hərəkətlər zamanı və (2) xarici dövlətin və ya həmin xarici dövlətin hər hansı vəzifəli şəxsinin və ya işçisinin öz vəzifəsi və ya işi çərçivəsində delikt əmələ gətirən hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ABŞ-da baş verən sağlamlığa zərər vurma və ya ölüm, əmlaka zərər və ya onun itkisi üçün xarici dövlətdən pul tələb olunan zaman xarici dövlətin ABŞ məhkəmələrinin yurisdiksiyasından immuniteti yoxdur.
İddiaçıların arqumentləri aşağıdakı kimidir:
1. Ehtiyatsızlıq
İddiaçılara görə, cavabdehlərin ABŞ-da olan insanlara qarşı COVID-19-un ortaya çıxmasının öhdəsindən gəlmək üçün ehtiyatsız davranmama vəzifəsi vardır. Bu cür vəzifələrin pozuntusu kimi iddiaçılar aşağıdakıları göstərirlər:
• Virusun təhlükələri, onun öldürücülüyü və insandan insana asan ötürülməsi ilə bağlı məlumatları etiraf etməmək;
• Virusun təhlükələrini və asan ötürülməsi ilə bağlı məlumatları bildikləri və ya bilməli olduqları zaman erkən mərhələdə virusun qarşısını almamaq;
• Virusun yayılması aydın olduğu zaman tez qarşısını almamaq;
• Virusun təhlükələrini və asan ötürülməsi ilə bağlı məlumatları bildikləri və ya bilməli olduqları zaman Uhanda 40,000 ailənin toplaşmasının qarşısını almamaq;
• Dövlət orqanlarının virusun ortaya çıxmasına və onun təsirlərinə adekvat və ağlabatan şəkildə nəzarət etməməsi;
• İddiaçıların adekvat və ağlabatan şəkildə xəbərdar edilməməsi;
• ÇXR daxilində və xaricində insanlara yanlış məlumat verən materialların və açıqlamaların yayılması.
2. Ehtiyatsızlıqdan mənəvi zərərvurma
3. Qəsdən mənəvi zərərvurma
4. Ultratəhlükəli fəaliyyətlərin həyata keçirilməsinə görə ciddi məsuliyyət
İddiaçıların arqumentlərinə əsasən, ÇXR-da qeydə alınmış 2 bioloji silah laboratoriyası Uhan şəhərində yerləşir. Onlardan biri – Uhan Virusologiya İnstitutunda yerləşən Milli Biotəhlükəsizlik Laboratoriyası Çində ölümcül viruslarla işləyə bilmə qabiliyyətində olan yeganə elan olunmuş yerdir. Bundan əlavə, mikrobiologiya laboratoriyalarında virusların qarşısının alınması ilə bağlı problemlər var və mətbuata əsasən bəzi çinli araşdırmaçıların laboratoriyada istifadə olunan heyvanları küçə satıcılarına satmaq vərdişi var. Milli Biotəhlükəsizlik Laboratoriyası ilə bağlı fəaliyyətlər ABŞ və Florida hüququna əsasən ultratəhlükəli fəaliyyət hesab olunur və iddiaçılara dəyən zərər də cavabdehlərin bu fəaliyyəti nəticəsində baş vermişdir.
5. İctimai narahatlıq
Ümumilikdə, iddiaçılar məhkəmədən aşağıdakıları tələb edirlər:
- Cavabdehlərin iqtisadi və qeyri-iqtisadi zərərlər üçün qanunla icazə verilən ən yüksək həddə kompensasiya ödəməsi;
- Tətbiq olunan qanunlarda icazə verilən bütün zərərlərin əvəzinin ödənilməsi;
- Təmin olunan miqdara qanunla nəzərdə tutulan hökmdən əvvəl və hökmdən sonra faizlər;
- Bütün məhkəmə xərclərinin ödənilməsi.