Oktyabrın 9-da Məhkəmə Hüquq Şurasının iclası keçirilib. FED.az xəbər verir ki, iclasda Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov məhkəmələrin səmərəliliyinin artırılması, bu sahədə korrupsiya və digər neqativ hallara qarşı aparılan işlərdən danışıb. Nazir bildirib ki, şura işə başlayandan indiyədək 230-dan çox hakimin işi araşdırılıb, pozuntuya yol verən 100-dən çox hakim məhkəmə sistemindən qovulub..
Paralel olaraq yeni hakimlər cəlb edilir. Nazir deyib ki, məhkəmələrdəki boş vakansiyaların tutulması hakimlərin iş yükünün azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına və süründürməçiliyin aradan qaldırılmasına xidmət edəcək.
Elə həmin iclasda pozuntuya yol verən hakimlər ciddi cəzalandırılıb. Belə ki, qanunvericiliyi kobud pozduğuna, korrupsiyaya və süründürməçiliyə yol verdiyinə görə. Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırovun tutduğu vəzifədən azad olunub, Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Eyni zamanda, 4 hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib. Həmin şəxslərlə bağlı korrupsiya faktı üzrə araşdırma aparılması üçün materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.